İranın Mədəniyyət və İslami İrşad naziri Əli Cənnəti ötən axşam Bakıya səfəri çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə görüşüb. Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin deyib.

M.Pakayin bildirib ki, görüşdə cari ilin ikinci yarısında Azərbaycan mədəniyyət günlərinin İranda keçirilməsi haqqında razılıq əldə olunub.

Məlumata əsasən, Ə.Cənnəti bildirib ki, Azərbaycan mədəniyyət günlərinin İranda keçirilməsi iki xalqın dostluğunun daha da dərinləşməsi, əlaqələrin inkişafına təkan verəcək: “İran Azərbaycanla müxtəlif mədəniyyət tədbirlərinin, o cümlədən Kino həftəsinin keçirilməsinə hazırdır. İki ölkə xalqlarının müştərək din, dil və oxşar mədəniyyətə sahib olması mədəniyyət proqramlarının daha da alqışla qarşılanmasına səbəb ola bilər”.

Görüşdə Ə.Qarayev iranlı həmkarının Bakıya səfərindən məmnunluğunu dilə gətirib və Azərbaycan mədəniyyət günlərinin Tehrandan başqa ölkənin digər şəhərlərində, o cümlədən İsfahan, Şiraz və Ərdəbildə keçirilməsini istəyib.
Ə.Qarayev tezliklə Azərbaycanda İran kino həftəsinin keçiriləcəyindən xəbər verib.

Görüşdə qərara alınıb ki, gələn il İranın mədəniyyət günləri Azərbaycanda keçirilsin.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here